Həyat yolu

Uşaqlıq

Əbəs yerə söyləmirlər ki, hər bir insanın gələcək taleyinin əsası uşaqlıqda qoyulur.

Rəşidin musiqiyə olan sevgisi lap uşaqlıqdan yaranıb. Onun uşaqlığının isti yay günləri Əncirlik adlanan Bakı bağlarında keçib. Bağda evin damına çıxıb xalq mahnıları oxuyanda Rəşidin 5-6 yaşı olardı. Balaca oğlanın səsinə, o məharətli ifasına valeh olan qonşular: “Nə gözəl oxuyur!- deyərdilər, - ondan yaxşı musiqiçi olacaq”.

Az sonra İçəri şəhərdə elə öz həyətlərində - Zevin küçəsi 3 ünvanında uşaq teatrı yaradır Rəşid. O zaman Rəşidin 10 yaşı vardı. Dostluq etdiyi qonşu uşaqları Fərhad Bədəlbəyli və Fikrət Zərbəliyevlə köməkləşib tamaşalar göstərirlər. Balaca oyunçular binanın 3-cü mərtəbəsindəki eyvanda hər axşam elə maraqlı tamaşalar qururlar ki, səsinə-sorağına nəinki uşaqlar, böyüklər də yığışır, hamı böyük həvəslə izləyir səhnə oyununu.

Böyütmək

Rəşid (ortada) Zevin küşəsi 3 ünvanındakı uşaq teatrının üzvləri ilə. Solda – Fərhad Bədəlbəyli, sonralar SSRİ xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru. Sağda – Fikrət Zərbəliyev, sonralar “Bakinets” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin sədri. Hər üç yeniyetmə sonralar Azərbaycan mədəniyyətinə xidmət edəcəklər.

Vaxt keçəcək. Bu ev teatrından başlayan yol lap uzaqlara şaxələnib gedəcək. Fərhad Bədəlbəyli məşhur piànoçu olcaq, SSRİ xalq artisti tituluna qədər yüksələcək, Azərbaycan Konservatoriyasının (indiki adı – Bakı Musiqi Akademiyası) rektoru olacaq. Fikrət Zərbəliyev “Bakinets” Beynəlxalq Mədəniyyət Cəmiyyətinə başçılıq edəcək. Rəşid Nəsiboğlu (Əfəndiyev) isə məşhur bəstəkar olacaq, Azərbaycanda ilk qədim musiqi teatrını – “İRS”-i yaradacaq.

Amma bütün bunlar gələcəyin işi idi. O zaman, uşaqlıq illərində isə Rəşidin yeganə arzusu musiqiçi olmaq idi. Günün birində - altıncı sinif şagirdi Rəşid Konservatoriya nəzdindəki onillik musiqi məktəbinə gedir. Birbaşa direktorun qəbuluna keçib – “Musiqini öyrənmək istəyrəm”,- deyir. Bu balaca oğlanın cəsarətli gəlişi hər kəsi təəccübləndirir – direktoru da, müəllimləri də. Rəşidi dinləyəndən sonra anlayırlar ki, gələn adi uşaq deyil, istedadlı bir yeniyetmədi. Rəşidə deyirlər ki, valideynlərini də gətirsin məktəbə. Gəlirlər. Məktəb müdiriyyəti onlara bildirir ki, Rəşidi imtahansız məktəbə qəbul ediblər.

Böyütmək

6-cı sinif şagirdi Rəşid Əfəndiyev (soldakı) İçəri şəhərli dostları ilə

Bax onda Rəşidin nənəsi Məsməxanım Poluxin (indiki Zərgərpalan) küçəsindəki iki mərtəbəli evi daha kiçik evə dəyişir ki, artıq qalan pula sevimli nəvəsi üçün piano alsın.

Beləliklə, Rəşid Konservatoriya nəzdindəki onillik musiqi məktəbində təhsil almağa başlayır.

Böyütmək

Rəşid Əfəndiyev (soldakı) konservatoriya nəzdindəki onillik musiqi məktəbinin şagirdləri ilə. Pianonun qarşısında (sağda) həmin məktəbin şagirdi, sonralar SSRİ xalq artisti Müslüm Maqomayev.

1961-ci ildə həmin məktəbi bitirən Rəşid Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olunur. Həmin il o fakültədə cəmi 10 istedadlı gənc oxuyurdu. Tələbələri iki qrupa bölürlər – görkəmli bəstəkarlar Qara Qarayevin və Cövdət Hacıyevin siniflərinə. Rəşid bəstəkarlıq ixtisasını Konservatoriyanın rektoru, xalq artisti Cövdət Hacıyevin sinfində öyrənir.

Böyütmək

Gələcəyin bəstəkarları, Dövlət Konservatoriyasının tələbələri Rəşid Nəsiboğlu (Əfəndiyev), Fərəc Qarayev, Oleq Felzer, Leonid Vaynşteyn, İbrahim Mirzəzadə

Valideynləri

Rəşidin atası – yazıçı-dramaturq Nəsib Vəli oğlu Əfəndiyev Qərbi Azərbaycanda doğulmuşdu. Məktəb attestatında belə də yazılmışdı - Azərbaycan Respublikası, Gəncə quberniyasının Qazax vilayətinin Qaraqoyunlu mahalının Qaraqaya kəndində. Sonralar – 1921-ci ildə həmin ərazilər Azərbaycandan alınıb Ermənistan SSR-in tərkibinə əlavə olunur. Amma bu, yalnız inzibati bölgü olur. Keçmiş İrəvan xanlığına aid dədə-baba torpaqlarında uzun illər azərbaycanlılar sıx yaşayacaqdılar.

Ötən əsrin 30-cu illərində Nəsib Əfəndiyev İrəvandakı mədəni irsin qorunması sahəsində çox işlər görür. Nəsib Əfəndiyev 1934-cü ildə Ermənistan Yazıçılar İttifaqı nəzdində yaradılan Türk bölməsinə (Azərbaycan ədəbiyyatı bölməsinə) başçılıq edir. Az sonra İrəvan Azərbaycan Dram Teatrının direktoru olur. Həmin teatrın səhnəsində görkəmli Azərbaycan dramaturqlarının pyeslərini səhnələşdirməklə də Azərbaycan mədəniyyətinə xidmət göstərmiş olur. O zamanlar Nəsib Əfəndiyevin öz pyesləri də həmin teatrda tamaşaya qoyulur.

Böyütmək

Rəşid Nəsiboğlunun atası Nəsib Əfəndiyev – 1950-ci illər

1937-ci il Stalin repressiyaları İrəvanda yaşayan azərbaycanlılardan da yan keçmir. Nəsib Əfəndiyevi də pantürkizmə meyldə suçlayırlar. Ermənilərin şərilə tutulacağını hiss edən Nəsib İrəvanın mərkəzində qurub düzəltdiyi ev-eşiyini, bütün mal-mülkünü qoyub gecə ikən ailəsini götürüb gizlin yollarla Bakıya qaçmalı olur.

İkinci dünya müharibəsi başlayanda Nəsib Əfəndiyev də cəbhəyə yollanır. Berlinə qədər döyüş yolu keçir, hərbi şücaətlərinə görə orden və medallarla təltif olunur. Nəsib Əfəndiyev sonralar bütün müharibə xatirələrini “Vyana gecələri” adlı romanda əks etdirir.

Böyütmək

Nəsib Əfəndiyev. 1980-ci illər.

Nəsib Əfəndiyev povest və romanlar yazır, SSRİ Yazıçılar İttifaqının üzvü olur. N.Əfəndiyev uzun illər pedaqoji fəaliyyətlə məşğul olur, məktəb direktoru olur.

___________________

Rəşidin anası – İnsaf xanım Ağazadə Bakıda doğulub. Atası Rəşid bəy Ağazadə Bakı tütün fabrikinin direktoru olub. O fabrik Zaqafqaziyanın ən böyük tütün fabriki sayılırdı.

Böyütmək

Rəşid Nəsiboğlunun anası İnsaf xanım Ağazadə

Rəşid bəy də, xanımı Məsmə xanım da mütərəqqi fikirli insanlar olduqlarından yeganə qızları İnsaf xanıma mükəmməl dünyəvi təhsil vermək qərarına gəlirlər. İnsaf xanım Bakıda qız məktəbində oxuyan ilk qızlardan olur.

Böyütmək    Böyütmək

Rəşid Nəsiboğlunun babası Rəşid bəy Ağazadə və nənəsi Məsməxanım

Məktəbi bitirəndən sonra İnsaf xanım ali məktəbə qəbul olunur. Burada təhsil alıb müəllim olur, uzun illər məktəb direktoru işləyir, Bakı şəhər xalq sovetinin deputatı seçilir.

Böyütmək

İnsaf xanım Ağazadə

İnsaf xanım təhsilini bitirib Nəsib Əfəndiyevə ərə gedəndə kişinin birinci izdivacdan iki qızı vardı – Roza və Firuzə. O qızları Nəsib müəllimin kənddə yaşayan qardaşı böyüdüb saxlayır.

Böyütmək

İnsaf xanım Rəşid Nəsiboğlunun ulu nənəsi Fatma xanımla. Nənənin qucağındakı körpə - Rəşidin böyük qardaşı Vasifdir.

Ailə üçüncü övladı gözləyəndə Əfəndiyevlərin iki oğlu vardı – Vasif və Ramin. Rəşidin böyük qardaşı Vasif Nəsiboğlu şərqşünas olur, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışır, yazdığı əsərlər xarici ölkələrdə də çap olunur. Ortancıl qardaş Ramin Əfəndiyev astrofizik olur, Elmlər Akademiyasının Fizika İnstitutunda çalışır.

İnsaf xanımın üç oğuldan sonra bir qız övladı da olur – Rəna. Amma bu qız 9 yaşında dünyasını dəyişir.

__________________

1941-ci il mayın 22-də Bakida Nəsib Əfəndiyevlə İnsaf xanımın üçüncü övladı dünyaya gəlir.

Ailə ənənəsini qoruyub saxlamaq istəyən İnsaf xanım kiçik oğluna atası Rəşid bəyin adını qoyur.

Bu xoşbəxt hadisədən bircə ay sonra Böyük Vətən müharibəsi başlanır. Müharibənin ilk günlərindən Nəsib Əfəndiyevi cəbhəyə yollayırlar. Döyüşə getməzdən öncə ailənin başçısı üç kiçik uşaqla şəhərdə tək qalan İnsaf xanımı kəndə aparır. Ermənistanın Krasnoselo rayonu Qaraqaya kəndində yaşayan qohum-əqrəba çətin müharibə günlərində ailəyə dəstək olur. Bir müddət sonra məlum olur ki, köç vaxtı evin sonbeşiyinin sənədləri it-bata düşüb. Kənddə söz verirlər ki, balaca Rəşidin sənədlərini bərpa edərlər. Uşağa yeni sənəd hazırlananda bəzi yanlışlıqlara yol verilir. Rəşidin doğum tarixi – 1943-cü il, doğulduğu yer – Qaraqaya kəndi yazılır. Əks halda sənədləşmə aparmaq mümkün olmayacaqdı.

Amma zaman keçincə də sənəddəki bu yanlış məlumatların peşinə düşən, zaman və məkan səhvlərini düzəldən olmur. Müharibə şəraitində belə xırda detallara əhəmiyyət verən olmazdı. Rəşidin sənədlərindəki səhv məlumat sonacan elə də qalır.

Mahnıdan mahnıya

Konservatoriyanı bitirəndən sonra Rəşid Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xarici yayım redaksiyasında işləməyə başlayır. O zaman gənc Rəşidin yazdığı mahnılar artıq ona populyarlıq gətirir. Elə həmin vaxt Rəşid özünə yaradıcı təxəllüs seçir, mahnılarına Əfəndiyev kimi yox, Nəsiboğlu kimi imza atır.

Böyütmək

Rəşidə ilk şöhrət gətirən məhz onun mahnıları olur

Qeyd edək ki, Rəşidi bəstəkar kimi məşhurlaşdıran onun ilk mahnıları olur – tamamilə yeni üslubda yazılan gözəl melodiyalı bu mahnılar dinləyicilərin könlünü oxşayır, qısa zamanda dillər əzbəri olur və respublikanın musiqi palitrasında özünə xas yer tutur. Rəşid Nəsiboğlunun bəstələdiyi musiqini dinləyən həmkarları söyləyirdilər ki, “Sənin mahnıların süjet xətlərinə görə o qədər zəngindir ki, bir mahnının əsasında bir neçə mahnı yaratmaq olardı”.

Böyütmək

SSRİ xalq artisti Rəşid Behbudov və bəstəkar Rəşid Nəsiboğlu yeni mahnını müzakirə edirlər

Bəstəkar Rəşid Nəsiboğlunun ən populyar mahnılarından biri “Limanlar” mahnısıdır. 1970-ci ildə bu mahnını Azərbaycanın xalq artisti Mirzə Babayev ifa edib. “Limanlar”ın yazılmasından yarım əsrə yaxın vaxt keçsə də mahnı bu gün də sevilir, bu gün də dinlənilir.

Böyütmək

Rəşid Nəsiboğlu və Azərbaycanın xalq artisti Mirzə Babayev. Mirzə Babayev bəstəkarın “Limanlar”, “Bəlkə də”, “Yollar”, “Mən bir ceviz ağacıyam”, “Gecə durnalar uçar” kimi mahnılarının ilk ifaçısı olub.

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “Zarafat” mahnısı da çox populyar olur. Müğənni bəstəkarın başqa bir mahnısını – “Şirin xəyal” (“Gecə yaman uzundur”) mahnısını da eyni uğurla ifa edib.

Bəstəkarın “Bəyaz gecələr” və “Vals” mahnılarını ilk ifa edən xalq artisti Elxan Əhədzadə olur. Xalq artisti Eldar Axundovun ifa etdiyi “Odlar diyarı” mahnısı da dərhal populyarlıq qazanır. Xalq artisti Natavan Şeyxova isə günü bu gün də bəstəkarın “Görəsən” mahnısını repertuarında səsləndirir.

Böyütmək

Azərbaycanın xalq artisti Flora Kərimova konsertlərin birində Rəşid Nəsiboğlunun mahnılarını ifa edir. Müşayiətçi – müəllifdir.

Həmin illər Rəşid Nəsiboğlunun mahnılarını oxuyanlar arasında Azərbaycanın xalq artisti Flora Kərimova, SSRİ xalq artisti Lütfiyar İmanov, Azərbaycanın əməkdar incəsənət xadimi Rauf Adəgözəlov da vardı.

Böyütmək

Azərbaycanın əməkdar incəsənət xadimi, məşhur ifaçı Rauf Adıgözəlov Rəşid Nəsiboğlunun mahnılarının məşqində

Qeyd etmək lazımdır ki, bəstəkar Rəşid Nəsiboğlunun (Əfəndiyev) yaradıcılığında başqa janrlar da yer alıb. Onun simfonik əsərləri tək Azərbaycanda deyil, xarici ölkələrdə də (İsveç və Belçikada) səsləndirilib.

Bəstəkarın həmçinin geniş filmoqrafiyası da olub. Bir sıra televiziya filmlərinə musiqi yazan bəstəkar Azərbaycanın xalq şairi Rəsul Rzanın “Qız qalası” poeması əsasında çəkilmiş eyniadlı cizgi filminə də musiqi bəstələyib.

Böyütmək

Azərbaycan Bəstəkarlar İttifaqının 7-ci qurultayının iştirakçıları. Sağdan sola – Müslüm Maqomayev, Rəşid Nəsiboğlu, Eldar Rüstəmov, Fərhad Bədəlbəyli

“Sevgilim” vokal-instrumental qrupu

1975-ci ildə Rəşid Nəsiboğlunu Azərbaycan Dövlət Filarmoniyasına dəvət edirlər. Bəstəkar filarmoniya nəzdində yaradılan “Sevgilim” vokal instrumental ansamblına rəhbərlik edir.

Böyütmək

“Sevgilim”ansamblı Qırmızı Bayraqlı Xəzər Donanmasının dənizçiləri qarşısında

“Sevgilim” vokal-instrumental ansamblı respublikada ən güclü estrada kollektivlərindən birinə çevrilir. Rəşid öz ətrafına əsl peşəkar musiqiçiləri toplayır. Tofiq Şəfiyev, Yuri Tağıyev, Tahir Axunov, Qəmzə Axundov, Nelli Skiba, Məryəm Əliyeva, Nina Babiç kimi istedadlı insanların adı sonralar ölkənin başqa kollektivlərində, eləcə də xarici səhnələrdə çəkilməyə başlayır.

Bu ansambl tək Azərbaycan səhnələrində çıxış etmir, həm də qastrol fəaliyyəti ilə məşğul olur.

Böyütmək

“Sevgilim” ansamblı Baltikyanı ölkələrdə qastrol zamanı. Ansamblın üzvləri (soldan sağa): Tahir Axunov, Qəmzə Axundov, Yuri Tağıyev, Tofiq Şəfiyev

“Sevgilim” bütün İttifaqı qarış-qarış gəzir. Qərbi Sibirdən, Krasnoyarsk vilayətindən tutmuş Baltikyanı respublikalara, Krıma, Kalininqrada qədər - bütün səhnələrdə çıxış edir. Kollektiv ölkə xaricinə də qastrola gedir. Macarıstan və Çexoslavakiyada uğurla çıxış edir.

Böyütmək

Macarıstan qastrolu. “Sevgilim” ansamblının bədii rəhbəri Rəşid Nəsiboğlu (sağdan üçüncü), ansamblın solisti, müğənni Rauf Adıgözəlov (sağdan dördüncü)

Artistlərin çıxışı hər yerdə uğurla müşayiət olunur. “Sevgilim” bir çox səfərlərdən diplom və mükafatlarla qayıdır.

“İRS”

“Sevgilim” ansamblındakı yaradıcılıq uğurlarına baxmayaraq Rəşid lap çoxdankı arzusunu ürəyində yaşadırdı – o, Bakıda qədim musiqi teatrı yaratmaq istəyirdi. Bu məqsədlə bəstəkar Azərbaycanı qarış-qarış gəzmiş, artıq unudulub gedən, efirlərdə səslənməyən, yalnız qoca nənələrin xatirəsində yaşayan qədim mahnı və rəqslərimizi yığıb toplamışdı. Rəşid o dəyərli inciləri yenidən cilalayıb onlara ikinci həyat vermək, yaddan çıxan sərvəti xalqa qaytarmaq istəyirdi.

Böyütmək

“İRS” qədim Azərbaycan musiqi teatrının artistləri. Soldan ikinci – “İRS” teatrının yaradıcısı, direktoru və bədii rəhbəri, bəstəkar Rəşid Nəsiboğlu. Sağdan birinci – teatrın musiqi rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev. Fotonun mərkəzində - teatrın solisti, Azərbaycanın xalq artisti, müğənni Mələkxanım Əyyubova

Əslində bu işi görmək o qədər də asan deyildi. Sovet dönəmində milli köklərə hər hansı qayıdış cəhdi millətçilik kimi dəyərləndirilə bilirdi. Bu o zamanlar idi ki, milli bayramımız olan Novruz bayramının belə rəsmi şəkildə keçirilməsinə icazə verilmirdi. Rəşid Nəsiboğlu qədim musiqi teatrı yaratmaq istədiyi vaxtlarda hələ də rəsmi dairələr həmin tendensiyanı davam etdirir, milli mənəvi dəyərləri təbliğ etməkdən ehtiyat edir, çəkinirdilər.

Bununla belə Rəşid Nəsiboğlu suyu üfürə-üfürə içən məmurları necəsə yola gətirir, onları inandıra bilir ki, belə bir kollektivin yaranmasına ehtiyac var. Və Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh xanım Şəkinskaya bəstəkarın bu ideyasını dəstəkləyir. Onun göstərişilə İçəri şəhərdəki qədim karvansaranın binası teatr üçün ayrılır. Rəşid Nəsiboğlu teatrın bədii rəhbəri və direktoru təyin edilir. Çox mahir tar ifaçısı Sidqi Mustafayev Rəşid Nəsiboğlunun müavini olur. İstedadlı musiqiçiləri bir araya yığan bəstəkar Nəsiboğlu ustad sənətkarlara nadir musiqi alətlərinin surətini hazırlamağı sifariş edib işə başlayır.

Beləliklə, 1981-ci ildə bəstəkar Rəşid Nəsiboğlunun təşəbbüsü ilə qədim Azərbaycan musiqi teatrı yaradılır. Bəstəkar bu teatrı “İRS” adlandırır.

Böyütmək

Böyütmək

“İRS” teatrında bərpa olunan qədim mahnı və rəqslər Azərbaycan xalqının zəngin musiqi xəzinəsindən xəbər verirdi.

Böyütmək

Böyütmək

“İRS” elə ilk çıxışlarından böyük ictimai rezonansa səbəb olur. Qədim karvansara binasındakı konsertlər anşlaqla keçir. Azərbaycan səhnəsinə ilk dəfə gətirilən nümunələr - “Koskosa”, “Qaravəlli”, “Maral oyunu” kimi qədim meydan teatrı nümunələrindən ibarət nömrələr, qədim toy ənənələrini əks etdirən teatrlaşdırılmış nömrələr, “Almanı alma, gəlin”, “Yelpazə”, “Gəlinlər”, “Gardaşli giz”, “Su gəldi,bürüdü yollari” kimi mahnılar böyük maraqla qarşılanır.

Böyütmək

“İRS”in çıxışlarını tamaşaçılar böyük maraqla qarşılayırlar.

Böyütmək

Böyütmək    Böyütmək

Böyütmək

“İRS”in Şirvanşahlar sarayındakı çıxışı. Birinci sırada – soldakı Rəşid Nəsiboğlu, sağdakı Sidqi Mustafayev

İçəri şəhərin ağsaqqal sakinləri tez-tez Rəşidə müraciət edərdilər – “Ay oğul, bu mahnıları haradan tapmısan? Biz elə bilirdik onları heç vaxt eşitməyəcəyik”. Unudulan milli ənənələrin bu məkanda bərpa olundu ğunu görən şəhər camaatı teatra hədiyyələr gətirirdilər – mis sinilər, qazanlar, kuzələr, yelpazələr - əsrləri yaddaşında qoruyub saxlayan qədimi əşyalar. Sonradan bütün bunlar teatr muzeyinin eksponatlarına çevrilir.

Böyütmək

Böyütmək    Böyütmək

Azərbaycanı qarış-qarış

Böyütmək

Rəşid Nəsiboğlu və Sidqi Mustafayev Odlar yurdu Azərbaycanın rəmzi sayılan qədim çıraqları yandırmaqla tamaşaya başlayırlar

“İRS” teatrının çıxışları lap qısa bir zamanda çox geniş populyarlıq qazanır. Teatrın şöhrəti respublika sərhədlərini də aşır. Qəribədir ki, qədim Azərbaycan musiqisi kimi spesifik sənət nümunələri ən müxtəlif xalqların marağına səbəb olur. Bəlkə o səbəbdən ki, səhnədə göstərilənlər qədim zamanların ruhunu oyatmış, fərqli mədəniyyətləri əhatələyən lap dərin yaddaş qatlarına nüfuz edə bilmişdi.

Böyütmək

“İRS” teatrının kollektivi İçəri şəhərdəki qədim Karvansarada İtaliyadan gəlmiş qonaqları qəbul edir

“İRS”in çıxışları çox uğurlu olur. Birinci Zaqafqaziya Xalq Musiqisi Festivalında “İRS” birincilik qazanıb festivalın Baş mükafatına layiq görülür. 1982-ci ildə İtaliya qastrolları zamanı “İRS” Neapolun məşhur Teatr di San Karlo səhnəsindən Qızıl medalla geri qayıdır. Bu mükafat dünyanın ən maraqlı musiqiçilərinə təqdim olunan bir ödüldür. Az sonra “İRS” İranın məşhur “Fəcr” beynəlxalq musiqi festivalında mükafata layiq görülür. “Lenin komsomolu” təşviqat qatarı tərkibindəki çıxışlarına görə Ümumittifaq komsomolunun fəxri fərmanı ilə təltif olunur. Həm Azərbaycan daxilindəki, həm də xaricdəki konsert fəaliyyətinə görə kollektivə onlarla fəxri fərman, mükafat, diplom verilir.

Moskvada keçirilən Ümumittifaq xalq təsərrüfatı nailiyyətləri sərgisindəki xüsusi fotoekspozisiya “İRS” teatrına həsr olunur. “İRS”in çıxışları respublika və mərkəzi TV-də, həmçinin xarici ölkələrdə translyasiya olunur, bu yaradıcı qrup barədə məlumatlar həm sovet, həm də xarici mətbuatda işıq üzü görür.

Böyütmək

“İRS”in tamaşaçıları Türkiyədən gələn turistlərdir. Mərkəzdə əyləşən xanım Azərbaycanın xalq artisti Əminə xanım Dilbazidir. Sağda – Rəşid Nəsiboğlu və Sidqi Mustafayev

Respublikaya gələn xarici qonaqları İçəri şəhərdəki qədim karvansaraya aparır, onlara “İRS” teatrının tamaşalarını təqdim edirlər. Teatrın rəylər kitabında tamaşalara heyran qalan qonaqların maraqlı təəssüratları yer alır. Həmin qonaqlardan bəzən kollektivlə əməkdaşlıq etmək kimi işgüzar təkliflər də gəlir. Məsələn, məşhur “Madriqal”qədim musiqi ansamblının rəhbəri Andrey Volkonski “İRS”in ifasına necə valeh olursa Rəşid Nəsiboğluya təklif edir ki, qədim Avropa və şərq musiqilərinin sintezindən ibarət konsert proqramı hazırlayıb Avropa ölkələrində təqdim etsinlər. Belə bir hadisə dünyada hələ olmamışdı. (Çox təəssüf ki, bu ideyanı həyata keçirmək mümkün olmur. Elə həmin ərəfədə məlum olur ki, Andrey Volkonskinin Parisdə dünyasını dəyişən bir qohumu öz var-dövlətini ona miras qoyub. Vəsiyyətnamənin şərtlərinə görə Volkonski köçüb Parisdə yaşamalı olur). Litvalı musiqiçilər Robertas və Riçardas Zilinskaslar o ara qədim Litva musiqi alətlərini və maraqlı bir araşdırmanın əlyazmasını “İRS”ə hədiyyə edirlər. Sonralar həmin əlyazma kitab halında Vilnüsdə çap olunur. Litva, Hindistan və Azərbaycan musiqilərinin müqayisəli təhlilindən bəhs edən həmin kitabda bizim musiqini məhz “İRS” teatrında lentə alınan musiqi parçaları təmsil edir.

Böyütmək

Litvalı musiqiçilər Robertas və Riçardas Zilinskaslar - “İRS” teatrının qonaqları

“İRS” teatrına, əslində həm də Azərbaycan xalqının zəngin mədəniyyətinə, nəhəng irsinə yönələn maraq gün-gündən artır. Amma bu parlaq və işıqlı mədəniyyət hadisəsinə kölgə salmaq istəyənlər də tapılır. Və heç kəsin ağlına da gəlməyən dəhşətli hadisə baş verir.

Qondarma cinayət işi

Teatrın kollektivi növbəti xarici səfərə hazırlaşır. Bu dəfə məkan – Avstriya olasıdır. Günün birində musiqiçilər Rəşid Nəsiboğluya deyirlər ki, onları respublika DTK-sına çağırıblar. Musiqiçilərdən tələb olunub ki, bədii rəhbərlərinin xarici səfərə getmək üçün onlardan rüşvət tələb etməsi barədə ərizə yazsınlar.

Çox qəribə bir vəziyyət yaranır. Qastrol səfərinə gedənlərin siyahısı Mədəniyyət Nazirliyində artıq təsdiqlənmişdi. Bu halda hansı rüşvətdən söhbət gedə bilərdi? Başqa bir sual – rüşvət məsələsi ilə nədən DTK məşğul olmalıydı ki?

Cəmi bir neçə günün içində quru yerdən cinayət işi açırlar. İşdə heç bir dəlil sübut olmadığı halda, heç bir maddi sübut olmadığı halda, yalnız bu yalan məlumatı imzalayan iki musiqiçinin izahatı əsasında (kollektivdəki digər musiqiçilərə təzyiq göstərilsə də onlar həmin iftiranı təsdiqləməkdən boyun qaçırırlar) cinayət işi açılıb respublika prokurorluğuna verilir.

Böyütmək

Bəstəkar Rəşid Nəsiboğlu yeni musiqi bəstələyərkən

Respublika prokurorluğunda, görünür, anlayırlar ki, bu əldəqayırma ittihamın ciddi əsası yoxdur, o üzdən əlavə cinayət tərkibli hadisələr uydurmaqdan çəkinmirlər. Bu dəfə teatrın bədii rəhbərini və onun müavinini guya bir rayonda verilən konsert vaxtı saxta bilet satmaqda suçlayırlar.

Amma bu ittiham da əsassız və çürük çıxır. Məlum olur ki, sözügedən konsert rayon partiya konfransının nümayəndələri üçün təşkil olunubmuş. Belə konsertlərdə isə bir qayda olaraq – ümumiyyətlə bilet satılmazdı.

Böyütmək

Bəstəkar Rəşid Nəsiboğlu xalq şairi Səməd Vurğunun ev-muzeyində təşkil olunan “Vahid ailədə” gecəsində çıxış edir. 26 iyun 1982-ci il.

Bununla belə, 1985-ci il oktyabrın 29-da bəstəkar Rəşid Nəsiboğlu və onun müavini, ifaçı Sidqi Mustafayev 8 il azadlıqdan məhrum etmə cəzası ilə mühakimə olunurlar.

Bu məhkəmə prosesi Azərbaycan ictimaiyyətində geniş rezonans yaradır. Rəşid Nəsiboğlunu təmiz və düz adam kimi tanıyanlar ittihamda söylənilənlərə inanmırlar. Üstəlik respublikada ilk dəfə idi ki, bir bəstəkar həbs olunmuşdu, üstəlik bu iş DTK-nın əli ilə həyata keçirilmişdi.

Bu hadisədən sonra Avstriyaya “İRS” teatrı adı ilə başqa bir kollektiv göndərilir. Avstriya tərəfi məsələdən duyuq düşən kimi konsertlər ləğv olunur, o saxta kollektivi də dərhal geri qaytarırlar. Bax bu hadisədən sonra cinayət məsələsi həm də beynəlxalq müstəviyə çıxır.

Böyütmək

Bəstəkar Rəşid Nəsiboğlunun yazdığı mahnıların klavirləri

O zaman Rəşid Nəsiboğlunu fəal şəkildə müdafiə edən, onu azad etmək üçün ən müxtəlif instansiyalara yazılı və şifahi müraciətlər edən məşhur şəxsiyyətlərin xidmətini xüsusi qeyd etməmək insafsızlıq olardı.

Yalnız respublikada deyil, ümumiyyətlə bütün sovet ölkəsində tanınan, sevilən bu böyük xadimlərin hər birinin adını böyük minnətdarlıq hissi ilə sadalamaq lazımdır.

SSRİ xalq artisti Müslüm Maqomayev, SSRİ xalq artisti Rəşid Behbudov, Azərbaycan Teatr Cəmiyyətinin sədri, SSRİ xalq artisti Lütfiyar İmanov, SSRİ xalq artisti, bəstəkar Arif Məlikov, Azərbaycan Ali Sovetinin deputatı, xalq şairi Bəxtiyar Vahabzadə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Dövlət mükafatı laureatı Tofiq Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi Aqşin Əlizadə, Azərbaycan xalq artisti Mirzə Babayev.

SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikov da öz növbəsində məsələyə müdaxilə edərək birbaşa SSRİ Ali Məhkəməsinə müraciət edir. 1987-ci il oktyabrın 17-də SSRİ Ali Məhkəməsinin qərarı ilə Rəşid Nəsiboğlu vaxtından əvvəl azadlığa buraxılır. Onunla bərabər müavini Sidqi Mustafayevi də azad edirlər.

Bir müddət sonra “işdə cinayət tərkibi olmadığına” görə onların hər ikisinə bəraət verilir.

Və yenidən “İRS”

Bəraət alandan sonra işinə qayıdan Rəşid Nəsiboğlu görür ki, ötən iki ildə həmin məkanda çox şey dəyişib. Bu müddətdə başqa bir kollektiv qədim karvansara binasına sahib çıxır, “İRS”ə isə bir balaca hücrə-otaq ayrılır. Teatrın tamaşa verməyə məkanı olmur.

Bəstəkar nəylə rastlaşır? Görür ki, musiqiçilərin bir çoxu işsiz qaldıqlarına görə həmin müddətdə başqa kollektivlərə üz tutublar. Teatrın əsas solisti, çox istedadlı müğənni Mələkxanım Əyyubova (o indi Azərbaycanın xalq artistidir) da teatrdan uzaqlaşıb. Nadir musiqi alətləri yoxa çixıb. Teatr muzeyindəki eksponatlar itib batıb.

Amma Rəşid Nəsiboğlu tez bir zamanda çətinliklərin öhdəsindən gəlir. Qısa vaxtda ən zəruri adamları kollektivə yığa bilir. Teatra yeni solist gəlir - istedadlı müğənni Ruzə xanım İbişova (o indi Azərbaycanın əməkdar artistidir). Teatrın bədii rəhbəri Rəşid Nəsiboğlu yeni kollektivlə bir neçə yeni musiqili kompozisiya hazırlayır. Bu əsərlər də unikallığı və bənzərsizliyi ilə fəqlənir. Yenə hamı “İRS”dən danışır.

Böyütmək

“İRS” teatrının kollektivi. 6 mart 1988-ci il. Sağdan ikinci – teatrın rəhbəri, bəstəkar Rəşid Nəsiboğlu. Sağdan üçüncü – teatrın yeni solisti Ruzə xanım İbişova.

“İRS” yenə geniş konsert fəaliyyətinə başlayır, amma bu dəfə konsertlər əsasən səyyar keçirilir. Teatr iki dəfə xarici ölkəyə - İrana səfərə gedir, İran qastrolları kollektivə böyük uğur qazandırır.

Rəşid Nəsiboğlunu artıq yeni bir ideya düşündürür. O, Bakıda Alov Teatrı yaratmaq fikrinə düşür.

Yeni teatr üçün ilk tamaşanın ssenarisi də hazırlanır. Tamaşa Alovla Küləyin Xəzər və torpaq uğrunda savaşından bəhs edəcəkdi. Tarixi gerçəkliklər üzərində qurulmuş bu mübahisə-rəvayət qədim Azərbaycan mahnılarından ibarət səhnəciklər, planetlərin hərəkətini əks etdirən qeyri-adi dərviş rəqsləri, atəşpərəstlərin ritual ibatəd formaları, Novruz bayramına həsr olunan tarixi göstərilər, karvan yarışmaları, ritual oyunlar və sairə ilə müşayiət olunacaqdı.

Böyütmək

Böyütmək

“İRS” Azərbaycan qədim musiqi teatrının çıxışı

Rəşid Nəsiboğlu istəyirdi ki, Alov Teatrı Yaponiyadakı Kabuki teatrı yaxud Misir piramidaları qarşısındakı teatr kimi özəl bir yaradıcılıq məkanı olacaqdı. Açıq səma altındakı bu teatrda tamaşalar vasitəsilə ölkə tarixinin vacib məqamarı işıqlandırılacaqdı.

Bəstəkar düşüncələrində yaratdığı teatr üçün yeni məkan da seçmişdi. Teatr Şirvanşahlar sarayının arxasındakı meydançada yerləşəcəkdi. Oradan Xəzərə də gözəl mənzərə açılır. O nəzərdə tutmuşdu ki, gəmidə quraşdırılan işıq aparaturalarının, həmçinin dəniz kadrlarının köməyilə səhnədə canlı görüntülər əldə etmək də mümkün olacaq.

İdeya müəllifi həmin teatrda dünya miqyaslı nəhəng şoular göstərmək istəyirdi. Həmin şou – Azərbaycana xarici turistlərin də gəlməyinə təkan verəcəkdi. O bilirdi ki, bu ağır işin öhdəsindən gələ biləcək – çünki həm musiqi imkanları, həm yüksək mədəniyyəti, əldə etdiyi bilgilər, həm də qədim musiqi teatrından əldə etdiyi təcrübələr bu işdə onun yardımçısı olacaqdı.

Amma təəssüf ki, bəstəkarın bu arzuları həyata keçmədi.

Son illərin ağır fəsadları onun sağlamlığına dəhşətli zərbə vurdu. Rəşid Nəsiboğlu 1993-cü il dekabrın 30-da 52 yaşında qəfil dünyasını dəyişdi...

_____________________

Bu sətirlərdə yazılanlara bəlkə də indiki zəmanədə inanmaq çox çətindir. Amma vaxtilə - bəstəkar Rəşid Nəsiboğluna yüksək vəzifələr təklif ediləndə o imtina eləmişdi – söyləmişdi ki, məmurlar gəlib də gedirlər, bəstəkarlar, musiqi isə əbədi qalır.

Həyat həmin sözlərin həqiqət olduğunu sübut etdi.

Rəşid Nəsiboğlunun mahnı yaradıcılığı bu gün də var, bu gün də diridir, canlıdır, fəaliyyətdədir. Onun mahnıları, bəstələri bu gün də ifa olunur, TV və radio verilişlərində səslənir, tək ölkədə yox, xaricdə də oxunur. Bəstəkarın musiqisi bu gün də sevilir. Bakı Metropoliteninin “Sahil” stansiyasından keçən qatarların hamısında sərnişinləri hər dəfə o məşhur musiqi - Rəşid Nəsiboğlunun “Limanlar” mahnısı müşayiət edir. Bu, metropoliten tərəfindən seçilmiş bir neçə mahnıdan biridir.

Böyütmək

Bakı metropoliteninin “Sahil” stansiyasında sərnişinləri Rəşid Nəsiboğlunun “Limanlar” mahnısı qarşılayır.

Bu mahnı dünya çempionatlarında meydançalara çıxan Azərbaycan idmançılarını da müşayiət edir. Məsələn, Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında (2016) dünyanın on yaxşı gimnastı sırasına daxil olan Azərbaycan ulduzu M.Durunda məhz “Limanlar” mahnısının sədaları altında çıxış edib. Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyindəki ekspozisiyanın bir bölməsi bəstəkar Rəşid Nəsiboğluya həsr edilib.

Böyütmək

“İRS” folklor ansamblı bu gün

“İRS” qədim musiqi teatrı isə nəinki öz fəaliyyətini davam etdirir, həm də teatrın əsasını qoyan bəstəkar Rəşid Nəsiboğlunun adını daşıyır. Teatr kollektivinin bu qərarı rəsmi qurumlar tərəfindən də təsbit olunub. Bu teatra (günü bu gün teatr ansambl formatında fəaliyyət göstərir) rəhbərlik edən şəxs Rəşid Nəsiboğlunun davamçısı, tanınmış musiqiçi, Azərbaycanın əməkdar mədəniyyət işçisi Sidqi Mustafayevdir.

2003-cü ildə Rəşid Nəsiboğlunun onuncu anım günündə Bakıda Mahnı Teatrında bəstəkarın xatirə gecəsi keçirilib, onu xatırlayanların çıxışları səslənəndən sonra “İRS” folklor ansamblının konserti təqdim olunub.

Böyütmək

Bəstəkar Rəşid Nəsiboğlu. “Ötən ömrün notları” filmindən kadr

Elə həmin il – 2003-cü ildə Lider TV-də bəstəkar Rəşid Nəsiboğlunun həyat və yaradıcılığına həsr olunmuş “Ötən ömrün notları” sənədli filmi lentə alınıb. Tanınmış rejissor Yusif Quliyevin çəkdiyi filmdə bəstəkarın dostları – SSRİ xalq artisti Fərhad Bədəlbəyli, professor, filosof Rəhman Bədəlov, “Bakinets” cəmiyyətinin rəhbəri Fikrət Zərbəliyev Rəşid Nəsiboğlu haqqında xatirələrini paylaşıblar. Sənədli filmdə “İRS” teatrının çıxışlarından da geniş istifadə olunub.

2015-ci ildə istedadlı telejurnalist Könül Arifqızının İctimai Televiziyada hazırladığı “Bir mahnının tarixçəsi. Limanlar” layihəsi işıq üzü görüb. Bu filmdə bəstəkar Rəşid Nəsiboğlunun günü bu günəcən populyar olan “Limanlar” mahnısının yaranma tarixçəsi maraqlı detallarla təsvir olunub. Layihədə sevilən mahnının ərsəyə gəlməsində zəhməti keçən hər üç sənətkarın – musiqinin müəllifi bəstəkar Rəşid Nəsiboğlunun, sözlərin müəllifi, şair Adil Rəsulun və mahnının ilk ifaçısı, xalq artisti Mirzə Babayevin həyat və yaradıcılığından söhbət açılıb. Dünyasını dəyişmiş hər üç sənətkarın yaxınları və doğmaları bu şedevr əsərin yaranma tarixçəsi barədə xatirələrini dilə gətiriblər.

Bu mahnının yarım əsrdən artıq yaşı olsa belə “Limanlar” bu gün də səslənir, çağdaş estradamızın nümayəndələri tərəfindən oxunur, həvəslə dinlənilir. Filmdə bütün bu gerçəkliklər məharətlə təsvir olunub.

2016-cı ildə “İRS”in 35 illiyi qeyd olunub. Bu isə o deməkdir ki, əsası bəstəkar Rəşid Nəsiboğlu tərəfindən qoyulan “İRS” günü bu gün də yaşamaqdadır.

Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, “İRS” teatrının fəaliyyəti Azərbaycanda bir çox folklor kollektivlərinin yaranmasına rəvac verib. Heç şübhəsiz, hər yeni yaradıcı qrup Azərbaycan mədəni irsinin dirçəldilməsinə və yaşadılmasına xidmət etməkdədir. Gedilən yolda hansısa nailiyyət əldə olunubsa, o nailiyyətdə həmin yolu açan ilk kollektivin də payı, qatqısı, təsiri var. Bu işdə Azərbaycan mədəni irsinin unudulmuş musiqi incilərini arayıb axtaran o sənətkarın xidmətləri danılmazdır. Musiqi ictimaiyyəti o sənətkarın adını hər zaman böyük hörmətlə xatırlayacaq – bəstəkar Rəşid Nəsiboğlu.

Ailə albomundan fotolar